Avtomat qundağı ilə “mübarizə”| Ukrayna PUA-larına qarşı yalın əllə döyüşmək göstərişi verilib?

2025/01/1738053068.jpg
Oxunub: 548     12:30     28 Yanvar 2025    
ABŞ prezidenti kimi keçirdiyi ilk mətbuat konfransında Donald Tramp çox üstüörtülü bir fikir bildirib ki, o, Vladimir Putinin Ukrayna müharibəsinin nəticələrindən “təəssüratlanmadığını” düşünür.

Qərb ekspertlərinin fikrincə, 2022-ci ilə qədər Rusiya 42.000 kvadrat kilometr Ukrayna ərazisini ələ keçirmişdisə, hal-hazırda bu rəqəm 161.000 kvadar kilometi keçir. Rusiya rəsmi mənbələri bildirir ki, təkcə ötən il Müdafiə Nazirliyi ilə 450 min “könüllü” müqavilə imzalayıb. Bu məlumatı hesablama əsası kimi götürsək, məlum olar ki, ötən illərdə bir milyondan çox rus müharibənin “ətçəkən maşını”ndan keçib.

Təbii ki, ölənlərin və yaralıların sayı ilə bağlı açıq məlumat yoxdur. Lakin müharibədən keçənlərin təxmini sayını nəzərə alsaq, geri qaytarıla bilməyən və “sanitariya itkiləri” adlandırılanların yüz minlərlə olduğunu əminliklə söyləmək olar. Təbii ki, böyük ərazi, insan və maddi itkilərə rəsmi Kiyev də susur. Müharibədə bütün tərəflər, hətta birbaşa iştirak etməyən tərəflər də yalan danışır.

Düşmənə qarşı informasiya təbliğatının vacibliyini hələ heç kim təkzib etməyib. Üstəlik, bugünkü müharibədə “sovinformbüro”nun rolu həmişəkindən daha böyükdür. Amma Rusiyada gördüklərimiz Sovet İttifaqının İkinci Dünya müharibəsi ilə bağlı təbliğatını xatırladır. Rusiya Federasiyasının Müdafiə Nazirliyi gecə ərzində Ukraynaya məxsus onlarla Pilotsuz Uçuş Aparatının (PUA) “uğurla vurulması” haqqında gündəlik məlumat verir və əgər inansaq, heç bir mühüm obyektə ziyan dəymir.

Qısa müddətdən sonra isə mediada “mülki əhali arasında zərərçəkənlər və yaralananlar” barədə məlumatlar peyda olur. Ukrayna PUA-ları vurulursa, Belqorod vilayətinin X “xutor” mülki sakininin ölməsinin və ya yaralanmasının, yaxud onun avtomobilinin vurulmasının səbəbi nədir? Orta statistik vətəndaş, oxucu belə “xırdalıq”lara fikir vermir.

O, Rusiya Müdafiə Nazirliyinin mesajından təsirlənir və hesab edir ki, Rusiyanın hava hücumundan müdafiə və raket əleyhinə, radioelektron mübarizə vasitələri dünyada ən yaxşısıdır. Amma bu pafosu daha yüksək “not”a qaldırmaq üçün aparılan təbliğat cəhdləri ümumi fonu korlayır.

Məsələn, “Regnum” yazır ki, bu yaxınlarda Rusiya Silahlı Qüvvələrinin zərbə briqadalarından birinin əsgərlərindən biri Ukraynaya məxsus PUA-nı avtomatın qundağı ilə məhv edib... Versiyaya görə, əsgər PUA hücumuna məruz qalıb, lakin avtomatın qundağı ilə zərbə endirə və ölümcül aparatı partlada bilib. O, qəlpə yaraları alıb, həkimlər onun həyatını xilas edə biliblər.

Bu hekayə reallıqdan uzaq ola bilər, amma faşist Almaniyasına qarşı müharibədən bəhs edən filmlərdə alman bombardmançısının və ya qırıcısının sovet mövqelərinə hücum etdiyi və səngərlərdən ona qarşı tüfəngdən atəş açıldığı səhnəsini xatırladır. Təbii ki, min atışdan biri alman təyyarəsinin yanacaq çəninə dəyə və ya pilotu öldürə bilərdi. Ola bilsin ki, min rusiyalı əsgərdən biri Ukrayna PUA-sını avtomatın qundağı ilə partlatmağı bacarıb, amma təbliğat materialı kimi bu, faydasız olmaqla yanaşı, həm də zərərlidir.

Belə çıxır ki, Rusiya “könüllülər”ə Ukrayna PUA-larına qarşı yalın əllə döyüşməyin mümkün və zəruri olduğunu təbliğ edir. Faşizm üzərində qələbə haqqında ABŞ prezidenti bildirib ki, Rusiya (Sovet İttifaqı) Birləşmiş Ştatlara böyük köməklik göstərib, 60 milyon insan itkisi verib. Bu rəqəm, əlbəttə ki, real deyil. Amma, görünür, Tramp belə bir qiymətlə istənilən qələbənin sonda məğlubiyyətə çevriləcəyinə eyham vurub.

O, ABŞ-nin faşizm və kommunizm üzərində qələbəsini eyni ölçüdə qiymətləndirib. Avtomatın qundağı ilə PUA-nı məhv etməyi müdafiə etməklə, həqiqətən strateji qələbə qazana bilməyəcəksən.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Müharibə   PUA  


Bizi "telegram"da izləyin